İfadə “Şah İsmayıl” dastanındakı vücudnamədəndir.
Üç yaşından beş yaşına varanda,
Yenicə açılan gülə bənzərsən.
Beş yaşından on yaşına varanda,
Arıdan saçılmış bala bənzərsən.
On dördündə sevda yenər başına,
On beşində yavan girər duşuna,
Çünki yetdin iyirmi dörd yaşına,
Boz bulanıq axan selə bənzərsən.
Otuzunda kəhlik kimi səkərsən,
İyidlik eyləyib qanlar tökərsən,
Qırxında sən haramdan əl çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən.
Əllisində əlif qəddin çəkilir,
Altmışında ön dişlərin tökülür.
Yetmişində qəddin, belin bükülür,
Karvanı kəsilmiş yola bənzərsən.
Səksənində sinir yenər dizinə,
Doxsanında qubar qonar gözünə,
Koroğlu der: çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən.
(“Şah İsmayıl”)
Bu vücudnamə orta məktəb dərsliklərinə (“Ədəbiyyat nəzəriyyəsi”, rus bölməsi üçün “Azərbaycan dili”) dəfələrlə salınsa da, bir qayda olaraq, ikinci bənd – məhz məktəblilərin yaş dövrünə aid olan bənd ixtisar olunur. Burada on beşində yavan girər duşuna misrası insan fiziologiyasında baş verən dəyişikliyə işarədir. Bu yaş dövründən etibarən gənc yuxuda arzu etdiyi gözələ qovuşur. Yalnız bu qovuşma yuxuda baş verdiyi üçün “yavan” sözü işlənmişdir.